Sosial Mediada izləyin:

Prof. Qurbanxan Müslümovun rəhbərliyi ilə Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin (AMİCC) 10-cu regional konfransı Göyçayda keçirildi

Azərbaycan Minimal İnvaziv Cərrahiyyə Cəmiyyətinin (AMICC) minimal invaziv cərrahiyyənin aktual istiqamətlərinə həsr olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya edilmiş növbəti yüksək elmi səviyyəli regional konfransı TƏBİB-in dəstəyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasında keçirildi. Tədbirdə 100-də çox olmaqla ölkənin müxtəlif tibb müəssisələrindən gəlmiş cərrahlar,ginekoloqlar, uroloqlar, anestezioloq-reanimatoloqlar, endoskopistlər və digər mütəxəssislər iştirak edirdi.
Tədbirin açılışında ilk öncə konfransın sədri, t.e.d. Dr. Lor Elnur Əkbərov tədbirin elmi proqramı, sessiyaların strukturu və əsas mövzular haqqında məlumat verərək toplantının məqsədinin region həkimlərinin bilik platformasını genişləndirmək və müasir klinik praktikaya inteqrasiyanı sürətləndirmək olduğunu qeyd etdi. Açılış nitqi ilə çıxış edən AMICC-in prezidenti, professor Qurbanxan Müslimov konfrans iştirakçılarını salamlayaraq minimal invaziv cərrahiyyənin ölkəmizdə sürətlə inkişaf etdiyini, regionlarda bu sahənin peşəkar şəkildə yayılmasının səhiyyə sisteminin strateji prioritetlərindən biri olduğunu vurğuladı. TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov və Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Zahir Əliyev bu tip tədbirlərin ölkəmizdə tibbin, xüsusən də minimal invaziv cərrahiyyənin inkişafında rolundan danışaraq tədbirin işinə uğurlar arzuladılar.
Konfransın elmi proqramı laparoskopik, torakoskopik və endoskopik prosedurların müasir protokollarına, əməliyyat dövrünün (preoperativ, intraoperativ, postoperativ) idarəedilməsinə və əməliyyat sonrası klinik nəticələrin optimallaşdırılmasına həsr olunmuş maraqlı çıxışları əhatə edirdi.
Müxtəlif Laparoskopik əməliyyatlar zamanı, onkoloji cərrahiyyədə minimal invaziv yanaşmalar, perioperativ analgeziya strategiyaları, ERAS (Enhanced Recovery After Surgery) protokolları və risk əsaslı pasiyent seçimi kimi mövzular geniş müzakirə olundu. Klinik case-study təqdimatları, intraoperativ videomateriallar və komplikasiya idarəetmə nümunələri tədbirə ciddi praktiki dəyər əlavə etdi.
Konfransın gedişində tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində “Keyfiyyətin idarəolunması”na dair xüsusi sessiya keçirildi. Sessiya çərçivəsində tibbi keyfiyyət standartlarından biri olan Arzuolunmaz halların bildiş sistemi (AHBS) haqqında geniş elmi təqdimat edildi.
Həkimlərə bildirildi ki, arzuolunmaz halların şəffaf şəkildə qeydiyyatı xəstə təhlükəsizliyinin əsas komponentidir və klinik nəticələrə, mortalite və morbidite göstəricilərinə bilavasitə təsir göstərir. Bildiriş sistemlərinin tətbiqi səhiyyə müəssisələrində risklərin idarəolunması, standart əməliyyat prosedurlarının (SÖP) təkmilləşdirilməsi və klinik audit mexanizmlərinin effektivliyini artıran əsas alətlərdən biridir.
Sessiyalar zamanı maraqlı və kompleks klinik hallar üzrə multidissiplinar müzakirələr aparıldı. Hər bir klinik vəziyyətə əməliyyat taktikası, texniki detallar, laparoskopedik görüntülər və postoperativ idarəetmə planları elmi auditoriya tərəfindən təhlil edildi.
Konfransın ən diqqətçəkən hissələrindən biri Göyçay Rayon Mərkəzi Xəstəxanasında Prof.Dr. Qurbanxan Müslümov tərəfindən ilk dəfə olaraq canlı laparoskopik yırtıq cərrahiyyəsi əməliyyatının icrası oldu. Əməliyyat real vaxtda konfrans zalına canlı yayımlanaraq iştirakçıların intraoperativ prosesləri, texniki nüansları və cərrahi manevrləri əyani şəkildə izləməsinə şərait yaratdı. Bu praktiki sessiya region həkimlərinin professional inkişafında mühüm addım kimi dəyərləndirildi.

Konfrans həm cərrahi texnologiyaların inkişafı, həm də xəstə təhlükəsizliyi hədəflərinə uyğun olaraq keyfiyyətin idarəolunması yanaşmalarının inteqrasiyası baxımından ölkənin regional səhiyyəsi üçün mühüm elmi-praktik əhəmiyyət kəsb etdi. ‎