Bu gün Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi və Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə IV Azərbaycan-Alman-Türk Tibb Konqresi Bakıda işinə başlamışdır. Konqresə 600-dən çox həkim iştirakçı qismində, 200-dən çox həkim və rezident treyninqlərdə iştirak etmək üçün qeydiyyatdan keçmişdir. Konqresdə Almaniya, İsveçrə, Avstriya, Türkiyə, Rusiya, Özbəkistan və Ukraynanın müxtəlif universitet klinikalarında çalışan 30-dan çox professor ekspert və referent qismində iştirak edir.
Artıq dördüncü dəfədir ki, Bakıda keçirilən bu konqres ümumi və laparoskopik cərrahiyyə, qastroenterologiya, radiologiya, onkologiya, reanimasiya, intensiv terapiya və ginekologiyanın ən aktual problemlərinə həsr olunmaqla Avropa mərkəzləri tərəfindən Davamlı Tibb Təhsili verən beynəlxalq tədbir kimi tanınmış və bu il region ölkələrində ilk dəfə 30 CME kredit balı ilə qiymətləndirilib. Həmçinin bu il Konqres və təlimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən də akkreditasiya olunaraq Davamlı Tibb Təhsili üzrə 34 Davamlı Tibb Təhsili balı ilə qiymətləndirilib.
Bu tədbir çərçivəsində tələbə, rezident və həkimlər üçün 12 ixtisas üzrə (laparoskopik və ümumi cərrahiyyə, endoskopiya, ultrasonoqrafiya, radiologiya, ginekologiya, histeroskopiya, kardiopulmonar reanimasiya, EKQ kursu, tibb bacıları üçün tibbi vərdişlər kursu və s.) Avropada tanınmış Davos Tibb Kursları və digər tanınmış proqramlar əsasında beynəlxalq səviyyəli 3 günlük təlimlər təşkil ediləcəkdir. Təlimlər Avropada həkim və tələbələrə xüsusi peşə vərdişlərinin öyrədilməsi məqsədilə tədris edilən texnikalardan istifadə edilməklə ən müasir tibbi modellər üzərində aparılacaqdır.
Saat 10:00-da Monolit Plaza otelində keçirilmiş açılış mərasimini açıq elan edən Konqresin prezidenti prof. Qurbanxan Müslümov bu tip tədbirlərin Azərbaycanda tibb elminin inkişafına verdiyi töhvələrdən danışmış, son illər Azərbaycanda uğurlu səhiyyə siyasəti nəticəsində əldə olunmuş uğurlar və bu uğurların nəticəsində yüksək səviyyəli tədbirlərin Azərbaycanda keçirilməsi üçün şərait yaradılması xüsusi vurğulamışdır.
Sonra Almaniyanın Azərbaycandakı səfiri cənab Mixael Kindsqrab, İsveçrənin Azərbaycandakı səfirinin birinci müavini Simona Haeberli, Türkiyə Safirliyinin katibi Hande Sevinç Apakan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Aparatının rəhbəri Zəkiyyə Mustafayeva, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli, Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin direktor müavini professor İsayev, millət vəkili
İlham Məmmədov, Azərbaycan Tibb Univeristetinin Tədris Cərrahiyyə Klinikasının direktoru professor S.Hadıyev, Sankt Peterburg Tibb Akademiyasının rektoru, professor Serqey Baqnenko, Özbəkistan Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor H.Akilov həmçinin Almaniya , Özbəkistan və digər ölkələrdən dəvət olumuş konqress prezidentləri çıxış etmişlər.
Mərhum akademik Böyükkişi Ağayevin 90 illik yubileyinə həsr olunmuş konqresin ilk günü Ağayev mühazirələri ilə davam etdi. Dünyanın aparıcı ölkələrindən gəlmiş alimlər maraqlı mühazirələrlə çıxış etdilər. Daha sonra konqres öz işini müzakirələr və treninqlərlə davam etdirdi.