Sosial Mediada izləyin:

MƏŞHUR AZƏRBAYCANLI CƏRRAH İBN SİNA ADINA BUXARA DÖVLƏT TİBB UNİVERSİTETİNİN FƏXRİ PROFESSORU SEÇİLİB

          Aldığımız məlumata görə, Azərbaycan Respublikası Səhiyyə nazirliyinin M.A.Topçubaçov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru Qurbanxan Müslümov 13-16 Sentyabr 2018-ci il tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Təcili Tibbi Yardım üzrə Beynəlxalq Konqresdə iştirak etmişdir. Azərbaycanlı cərrah konqresdə icra etdiyi nadir laparoskopik əməliyyatlar barədə məruzə ilə çıxış etmiş və konqres iştirakçıları üçün ustad dərsləri keçmişdir. Sonra professor Q.Müslümov Abu Ali İbn Sina adına Buxara Dövlət Tibb Universitetinin rektorunun dəvəti ilə Buxara şəhərində olmuşdur. Səfər çərçivəsində universitetin müəllim-tələbə heyəti üçün cərrahiyyə üzrə mühazirələr oxumuş, universitet klinikasında mürəkkəb cərrahi əməliyyatlar icra etməklə ustad dərslər keçmişdir. Fəxr ediləsi haldır ki, azərbaycanlı alim-cərrah təbabətin və mədəniyyətin beşiyi sayılan Buxara şəhərinin Abu Ali İbn Sinanın adını daşıyan Universitetin fəxri professoru seçilmişdir. Xatırladaq ki, professor Qurbanxan Müslümov həm də Özbəkistanın Həkimləri Təkmilləşdirmə İnstitutunun  fəxri professorudur.