Xəbər verdiyimiz kimi, 29.09.2021-12.10.2021-ci il tarixində Tacikistan Respublikasının baş cərrahının rəhbərliyi ilə cərrahlardan ibarət nümayəndə heyəti Bakıda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin Prezidenti , Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə rəhbəri professor Qurbanxan Müslümovun yanında təkmil laparoskopik cərrahiyyə kursu keçmək üçün Bakıya gəlmişdilər. Kurs zamanı onlar dünyada nadir icra olunan əməliyyatlarda iştirak etmiş, müasir avadanlıqlarla təchiz edilmiş Almaz Akademie Tibbi Treyninq Mərkəzində xüsusi treyninqlər keçmiş və laparoskopik cərrahiyyədə mövcud olan ən yeni texnikalarla tanış olmuşlar. Onlar geri döndükdən sonra Tacikistan Respublikası Səhiyyə Nazirliyinin dəvəti ilə prof. Q. Müslümov ustad dərsləri keçirmək, mühazirələr oxumaq və gələcəkdə Tacikistan respublikasında cərrahi xidmətin səviyyəsini yüksəltmək məsələlərini müzakirə etmək məqsədilə Tacikistanın Düşənbə şəhərinə dəvət edilmişdir. Artıq prof. Q. Müslümov Tacikistandadır. 07.11.2021 tarixdə Tacikistanın ən böyük klinikalarından biri olan Təcili Tibbi Yardım Xəstəxanasında ustad dərsləri təşkil edilmiş, canlı yayımda bir neçə əməliyyat icra edilmiş və 200 -dən artıq cərrah üçün onlayn translyasiya edilmişdir. Hər bir azərbaycanlı üçün şərəf, qürur günü olan 8 noyabr Zəfər günündə tədbirin əsas hissəsi baş tutacaq, Tacikistan Respublikasının Səhiyyə Nazirliyinin sədrliyi ilə keçiriləcək Tacikistan Cərrahlar Cəmiyyətinin xüsusi növbədənkənar toplantısında prof. Q. Müslümov mərizə ilə çıxış edəcəkdir. Sonda 2 mürəkkəb əməliyyatın icrası və onlayn olaraq zala translyasiyası həyata keçiriləcəkdir. Əməliyyatların gedişində aparılan interaktiv müzakirələr zamanı izləyiciləri maraqlandıran suallara ətraflı cavablar veriləcəkdir. Tədbirin sonunda Səhiyyə Nazirliyinin rəsmilərilə görüş keçirilməsi planlaşdırılır. Hesab edirik ki, bu Azərbaycan səhiyyəsi və cərrahiyyəsi üçün ciddi bir stimuldur. Xarici ölkələrdə ustad dərslərinin verilməsi və gələcəkdə həkimlərə təlim keçirilməsi məqsədilə məhz azərbaycanlı mütəxəssisin seçilməsi çox qürurverici və şərəflidir.