4.Azərbaycan-Alman-Türk Tibb Konqresi başa çatdı

Bu gün Səhiyyə Nazirliyinin Milli OnkologiyaMərkəzi və M.Topçubaşov adına     Elmi Cərrahiyyə Mərkəzi,  Azərbaycan Almaniya  Tibbi  Əməkdaşlıq Cəmiyyətinin  təşkilatçılığı ilə IV Azərbaycan-Alman-Türk Tibb Konqresi və konqres çərçivəsində III Bakı beynəlxalq tibbi treyninq günləri bu gün öz işini yekunlaşdırmışdır.

         Milli Onkologiya Mərkəzində keçirilən və maraqlı çıxışlar və diskussiyalarla yadda qalan konqresin son günündə görkəmli professor Əziz Əliyev tərəfindən təqdim edilən onkoloji boyun cərrahiyyəsindəki təcrübələri, İsveçrənin Lozanna şəhərindən gəlmiş prof D.Haunloser tərəfindən məruzə edilən “Düz bağırsaq xərçəngi zamanı total mezorektumektomiya texnikası”, eləcə də prof. E.Canbay, prof. S.Demirbaş, prof. F.Can, Dr. Ş.Əliyevin, PD. Dr. Y.Əliyarovun onkologiyanın müxtəlif sahələri üzrə etdikləri çıxışlar və cərrahi yanaşmalarla göstərdikləri həll yolları konqres iştirakçıları tərəfindən olduqca maraqla qarşılandı. Eyni zamanda gənc həkimlərin təcrübələrində qarşılaşdıqları ağır kliniki hallar azərbaycanlı mütəxəssislərlə birlikdə Almaniya, İsveçrə, Rusiya, Özbəkistan və Ukraynadan gələn professor heyəti ilə müzakirə olundu və iştirakçıların çoxsaylı suallarına ətraflı cavab verildi.

     Bundan əlavə, öncəki günlərdəki kimi 12 ixtisas üzrə sadədən mürəkkəbə doğru 3 səviyyədə keçirilən tibbi treyninqlər də gün ərzində işini davam etdirdi. Gənc həkim və tələbələr peşəkar mütəxəssislər tərəfindən keçirilən təlimlərdən maksimal dərəcədə faydalanaraq, tədbirin gedişindən öz razılıqlarını bildirdilər.

      Tədbirin sonunda təhsillərini xaricdə davam etdirmək istəyən gənc həkimlər və tibb tələbələri üçün “Almaniyada tibb təhsili və karyera imkanları” mövzusunda interaktiv seminar keçirildi. Seminarda iştirakçıların çoxsaylı sualları mütəxəssislər tərəfindən cavablandırıldı.

        Sonda çıxış edən Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, Azərbaycan-Alman-Türk Tibb Konqressinin Azərbaycan tərəfindən prezindenti prof. Qurbanxan Müslümov Almaniya, Türkiyə və bir çox Avropa ölkələrinin tibb mərkəzləri ilə əməkdaşlığın Azərbaycan səhiyyəsinə, tibb təhsil sisteminə verdiyi faydalarını bir daha vurğulayaraq onlarla əməkdaşlıqdan məmnunluğunu bildirdi. Daha sonra prof. Q.Müslümov  qonaqlara, konqres iştirakçılarına və  konqresin təşkilində əməyi keçən hər kəsə təşəkkür etdi.

    Tədbirin sonunda azərbaycanlı alim-cərrah, akademik Böyükkişi Ağayevin əziz xatirəsi bir daha yad edildi.

      Konqres qonaqlar və tədbirin təşkilat heyəti üçün təşkil edilmiş ziyafətlə yekunlaşdı.