Azərbaycanlı professor beynəlxalq toplantıda mədəaltı vəzi üzərində laparoskopik əməliyyatlar barədə onlayn məruzə edib


 




Mustafa Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin professoru, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin və Almazakademie Tibbi Treyninq Mərkəzinin sədri Qurbanxan Müslümov noyabrın 10-13-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Avrasiya Təcili Cərrahiyyə Cəmiyyətinin birinci və Özbəkistan Təcili Yardım Cəmiyyətinin beşinci konqresində iştirak edib.
AZƏRTAC xəbər verir ki, həmin nüfuzlu cəmiyyətin təsisçilərindən və konqresin sədrlərindən biri olan azərbaycanlı professor ABŞ, İngiltərə, Almaniya, Yaponiya, Cənubi Koreya, Hindistan, Rusiya, Ukrayna və s. ölkələrdən olan 500-ə yaxın iştirakçı üçün mədəaltı vəzi üzərində aparılan laparoskopik əməliyyatlar barədə onlayn məruzə ilə çıxış edib.
Həmçinin Q.Müslümov toplantı zalına translyasiya edilməklə üç gün ustad dərsləri verib. Onlayn olaraq bütün regionda translyasiya edilmiş ustad dərsləri zamanı professor canlı olaraq mədə, düz və yoğun bağırsaqlar üzərində ən mürəkkəb əməliyyatları icra edərək əməliyyat texnikalarını konqres iştirakçılarına tədris edib.

Mənbə: AZERTAG.AZ