Azərbaycanlı professor Davos kurslarında cərrahiyyə üzrə ustad dərslərı keçır

     AZƏRTAC-ın   yaydığı məlumata görə  aprelin 7-dən 12-dək İsveçrənin Davos şəhərində açıq və laparoskopik cərrahiyyədə müasir üsulların öyrədilməsinə həsr olunan XXXV qastrointestinal kurslar keçirilir. Avropanın cərrahiyyə üzrə ixtisas təhsili verən klinikalarında çalışan həkimlər cərrahiyyədə ən yeni texnikaya yiyələnir, mühazirə və diskussiyalarda iştirak edir.

AZƏRTAC xəbər verir ki, artıq üçüncü ildir ki, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru, Azərbaycan- Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, professor Qurbanxan Müslümov həmin kursların treyneri kimi fəaliyyət göstərir. Bunun nəticəsi kimi Azərbaycanda da Davos kursları tərəfindən akkreditasiya olunan treyninqlər keçirilir.

Professor Qurbanxan Müslümovun AZƏRTAC-ın müxbirinə verdiyi məlumata görə, bu il aprelin axırlarında Bakıda keçiriləcək beynəlxalq konqresə təşrif buyuran Davos kurslarının prezidenti, professor Peter Vogelbahla həmin kursların ölkəmizdə keçirilməsi məsələsi müzakirə olunacaq.

Xatırladaq ki, Davos kursları Avropada bu sahədə ən reytinqli treyninq kurslarıdır (50 CME kredit) və kurs iştirakçılarının əldə etdiyi sertifikatlar dünyanın bütün ölkələrində cərrahiyyə üzrə təhsil sertifikatı kimi qəbul edilir.