Qurbanxan Müslümov: “Bu gün öz ölkəmdə çalışdığım üçün məmnunam”
“Əməliyyatdan sonra xəstənin yaxınlarının üzündəki o sevinci görəndə insan deyir ki, bunun üçün o illəri verməyə dəyərmiş”
Mustafa Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin Qara ciyər, öd yolları və mədəaltı vəz cərrahlığı şöbəsinin aparıcı cərrahı, tibb elmləri doktoru, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Cərrahiyyə kafedrasının professoru Qurbanxan Müslümovla olan müsahibəni sizlərə təqdim edirik.
– İlk öncə sizi tanıyaq…
– Azərbaycanda Tibb universitetini bitirmişəm. 1993-1995-ci ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzində cərrahlıq ixtisası üzrə kliniki ordinatura keçmiş və daha sonra elə burada çalışmışam. 2004-cü ildən etibarən dörd il ərzində Almaniyada ixtisas seçimi olaraq cərrahiyyə üzrə işləmişəm. Əsasən minimal invaziv, mədəaltı vəzi və qaraciyər sahəsi üzrə ixtisaslaşmışam. Almaniyada və Bakıda tibb elmləri doktoru dissertasiyasını müdafiə etmişəm. Və 2013-cü ildən Azərbaycan həkimlərinin təkmilləşdirilməsi institutunun professoruyam.
– Hansı istiqamət üzrə fəaliyyət göstərirsiniz? – Əsas işimiz qarın boşluğu orqanları – qaraciyər, mədəaltı vəzi, qida borusu və yoğun bağırsaqların üzərində cərrahiyyə xəstəlikləridir. Son illər cərrahiyyədə böyük bir inqilab baş verib. Belə ki, illər öncə 6-10 saat davam edən və açıq üsulla aparılan əməliyyatlar indi müasir texnologiyanın istifadəsi ilə minimal invaziv yolla aparılır. Yəni qarın və döş boşluğunda kiçik bir neçə dəlik aparmaqla 10 saat davam edən əməliyyat 4-5 saata və xəstəyə heç bir travma vermədən yerinə yetirilir. Xəstə iki-üç gündən sonra normal işinə qayıda bilir. Bu cərrahiyyə növünü Azərbaycanda inkişaf etdirmişik. Ölkəmizdə artıq elə bir cərrahiyyə növü yoxdur ki, biz onu həmin üsuldan istifadə etməklə icra etməyək.
– İşinizin özəllikləri nələrdir?
– Qarın boşluğundakı əməliyyatları icra etdikdən sonra artıq bir neçə ildir, döş qəfəsi – ağciyərlər və divar aralığında ürəyə yaxın yerləşmiş bir törəmələrin və patologiyaların cərrahi müalicəsini də həmin yolla həyata keçiririk. Bu xüsusi bir özəlliklərə malikdir. Çünki ürəyə çox intim bitişmiş orqanların üzərində çalışırıq. Açıq əməliyyatlardan sonra bu zaman çox ciddi ağırlaşmalar baş verə bilir. İllər öncə, hətta indinin özündə də xəstələr bu üsulla doğru müalicə almaq üçün yaxşı halda Türkiyəyə, digər hallarda isə Almaniya, ABŞ və başqa ölkələrə gedirdilər. Bu isə xəstələrimizə çox böyük bir vəsait hesabına başa gəlirdi. Amma artıq biz o əməliyyatları ölkəmizdə Avropada icra olunduğu səviyyədə, hətta bəzən ondan daha yüksək səviyyədə icra edirik.
– Bildiyimiz qədəriylə, bu yaxınlarda çox uğurlu bir əməliyyat keçirmisiniz…
– Bəli, bir xəstə timus vəzinin çox böyük bir törəməsi ilə (10 sm diametrində – hansı ki, ürəyə invaziya edirdi) müraciət etdi. Həmin xəstəyə bir neçə yerdə əməliyyatın mümkünsüz olduğunu söyləmişdilər. Lakin biz xəstəni götürdük, kiçik bir hazırlıqdan sonra cəmi 1 saat yarım davam edən əməliyyatla onu həyata qaytardıq. Xəstə artıq bir gündən sonra ailəsinin, uşaqlarını yanında idi. Doğrudan da əməliyyatdan sonra o xəstənin valideynlərinin, övladlarının üzündəki o sevinci görəndə insan özünə deyir ki, bunun üçün o illəri verməyə dəyərmiş. İnkişaf etmiş elə klinikalarımız var ki, hətta Almaniyadan gəlmiş professorlar ona həsədlə baxırlar. Hesab edirəm ki, bu son illər Azərbaycan səhiyyəsində aparılan uğurlu siyasətin nəticəsidir.
– Elə xəstəliklər var ki, Azərbaycanda müalicəsi mümkün olduğu halda xaricə üz tuturlar. Fikrinizcə, insanlardakı bu inamsızlığın səbəbləri nələrdir?
– Çox təəssüf ki bu gün, biz bu problemi yaşamaqda davam edirik. Doğrusunu desəm, bu problemin yaranmamasının səbəblərindən biri təəssüf ki, mediamızdır. Dünyanın hər yerində həkimlə xəstə arasındakı münasibətlərdə bir problem yaşana bilir. Bütün xəstələri Allahın verdiyi bəlalardan xilas etmək mümkün deyil. Yəni, yüz insanı xilas edib, bir insanı xilas edə bilməyəcəyin hallar olur. Dünyanın inkişaf etmiş ölkələrində bilirlər ki, əhalidə, xalqda inamsızlıq formalaşdırmaq doğru deyil. O səbəbdən bu problemlərə daha professional yanaşırlar. Amma bizim insanlar kiçik bir şeyin ucundan tutub kütləvi medialara, hətta televiziyaya çıxarmaqdan çəkinmirlər. İnsanlar arasında inamsızlığın formalaşmasında bunun da rolu var. Tamamən razıyam ki, burada həkimlərə bağlı olan problemlər də var. Sovet dövründən gəlmişik, amma səhiyyəmiz bu gün inkişaf edir. Bu problemin həll olunmasında səhiyyə təşkilatçıları, klinika rəhbərləri və həkimlərlə birgə media da öz rolunu oynamalıdır. Biz hamımız birləşib, medianın köməkliyi ilə bu problemi aşmalıyıq. Bu gün praktik olaraq elə bir xəstəlik yoxdur ki, onun müalicəsi üçün Azərbaycanda infrastruktur mövcud olmasın və onu icra etməyi bacaran insanlar olmasınlar. Son illər rastlaşırıq ki, insanlarımız İrana, Türkiyəyə üz tuturlar. Amma orada onları müalicə edən həkimlərin səviyyələri Bakıda mövcud olan həkimlərin səviyyəsinə çatmadığı hallar var. Geri döndükdən sonra doğru olunmamış yaxud sona kimi olunmamış xəstəliklər və müalicələr tərəfimizdən icra olunur.
– Bəzi həkimlər alternativ variantı olduğu halda xəstələrə daha bahalı, firma dərmanlarını yazırlar. Bu nə dərəcədə düzgündür?
– Doğrusunu desək, dünyada ümumiyyətlə firma dərmanı termini yoxdur. Çünki hər bir dərmanı hansısa bir zavod, yaxud firma istehsal edir. Bu gün adicə bir yaranı sarımaq üçün istifadə olunan binti belə firma istehsal edir. Hər bir eyni qrup dərmanın müxtəlif formaları – Rusiya, Almaniya, Amerika istehsalı və s. var. Bu dərmanlar da keyfiyyətinə görə fərqlənirlər. İndustriya ilə bağlı həkimlərin əməkdaşlığı problemi dünyanın hər yerində mövcuddur, amma bunlar həkimə bağlı deyil. Bunu ümumi sistem həll etməlidir. Məsələn, Almaniyada cərrahiyyədə istifadə olunan alətləri, ləvazimatları istehsal edən firmalarla həkimlər arasında əməkdaşlığa qadağa qoyulub. Heç bir həkim o firmanın nümayəndələri ilə əməkdaşlıq edə bilməz. Bu ya hüquqi şəkildə, rəsmi surətdə qadağan olunmalıdır, ya da bunun başqa yolu yoxdur. Əgər həkim xəstəyə lazım olmayan bir dərman yazırsa və bu sübut olunursa, artıq bir cinayətdir.
– Azərbaycanın səhiyyə sistemində hansı islahatlara ehtiyac var?
– Bu gün səhiyyəmizdə elə şeylər var ki, inkişaf etmiş Avropa ölkələrindən belə öndəyik. Amma təbii ki, keçən ildən səhiyyə sistemimizdə davamlı tibb təhsili proqramına keçib. Bu islahatlar artıq öz bəhrəsini verməkdədir və günü-gündən davam edir. Bu gün Azərbaycanda müzakirə olunan ən əsas məsələ bəlli xəstəliklərin müalicəsində protokolların istifadəsidir. Bu sahədə də çox güclü işlər görülür. Bu islahatla bayaq qeyd etdiyimiz dərman problemi öz həllini tapmış olacaq. Çünki hər bir xəstəliyin bəlli cəmiyyətlər tərəfindən təsdiqlənmiş müalicə protokolu olacaq. Misal üçün, bu xəstəyə ancaq bu müalicə yazıla bilər. Yəni, həkim o protokoldan kənara çıxacağı halda qeyri-qanuni bir hal sayılacaq.
– Xarici ölkələrdən sizə təkliflər olurmu?
– Təbii ki… Almaniyada işimi bitirdikdən sonra orada inkişaf etmiş çox böyük bir universitet klinikasında rəhbər vəzifəsində işləmək təklif olundu, amma qəbul etmədim. Çünki ora vətənimə qayıtmaq üçün getmişdim. Bu gün öz ölkəmdə çalışdığım üçün məmnunam. Hazırda Almaniyanın çox aparıcı cəmiyyətlərinin üzvüyəm. Hesab edirəm ki, xarici ölkədə təhsil aldıqdan sonra vətənimizə dönməliyik. Öz xalqımızın bizim təhsilimizə və xidmətimizə ehtiyacları var. Bu tip xəstəlikləri müalicə edəndən sonra onların gözündəki o işığı gördükdə doğru addım atdığıma daha da əmin oluram.
Könül Əhmədova