GÖRKƏMLİ ALİMİN UĞURLARI

  Dünyanın düz vaxtlarıydı. Lerikin ucqar Buruq kəndində Fətəli kişinin ailəsində 10 uşaq böyüyürdü. Ailənin qayğıları başdan aşırdı. O vaxt heç kimin ağlına gəlməzdi ki, bu ailənin iki oğlan övladı gələcəkdə görkəmli alim kimi tanınacaq, el-obaya, respublikamızın elmi ictimaiyyətinə ad-san, nüfuz, şöhrət gətirəcəkdir.
Ailənin böyük oğlu Xubəli müəllim fizika-riyaziyyat elmləri doktoru, professordur. Respublika Milli Elmlər Akademiyasının Mexanika və Riyaziyyat İnstitutunda, sonralar Rusiya Federasiyasının Nijnevartovsk Dövlət Humanitar Universitetində “Tətbiqi riyaziyyat və fizika” kafedrasının müdiri vəzifəsində işləyib. Maye və qaz mexanikası, tətbiqi riyaziyyat , ətraf mühitin mühafizəsi sahəsində tanınmış alimdir.
Xubəli müəllimin kiçik qardaşı Qurbanxan Müslümov orta məktəb illərində həkim olmaq arzusu ilə yaşayıb. Bəlkə də doğma kəndində həkimə çox böyük ehtiyac olduğundan bu sənəti seçib.
Orta məktəbi bitirəndə ilk xeyir-duanı sevimli müəllimi, kənd məktəbinin direktoru Soltanağa Mirzəyevdən alıb. Hətta müəllimi onu şəxsi “Niva”sı ilə kənddən Masallıya gətirib, oradan Bakıya yola salıb. Qəbul imtahanlarından yüksək bal toplayan Qurbanxan Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunub. 2017-ci ildə oğlu Ziya 700 balla həmin fakültənin tələbəsi adını qazanmaqla 35 il əvvəl atasının qazandığı rekordu təzələyib.
Qurbanxan Müslümov 1992-ci ildə Tibb Universitetini bitirəndə Qarabağda müharibə gedirdi. Cəbhə bölgəsində tibb işçilərinə böyük ehtiyac var idi. O, beş nəfər tələbə yoldaşı ilə Füzuli rayonuna könüllü işləməyə gəldi. Döyüşlərin qızğın vaxtı idi. O vaxt mərkəzi rayon xəstəxanası Qaraxanbəyli kəndinə köçürülərək hərbi hissənin tabeliyinə verilmişdir. Təcrübəli cərrah Asəf Hüseynov cərrahiyyə xidmətinin rəisi idi. Qurbanxan onunla bir yerdə yaralı əsgərlərin üzərində əməliyyat aparır, öyrənir, təcrübə toplayırdı. Qısa vaxtda işgüzarlığı ilə kollektivdə hörmət qazandı. Onu tibbi evakuasiya hospitalının komandiri təyin etdilər.
1993-cü ildə xidmətini başa vurub Bakı şəhərinə qayıtdı. M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, tanınmış alim, gözəl və səmimi insan, professor Nurəddin Rzayevin qəbulunda oldu. Gənc həkimi diqqətlə dinlədikdən sonra onun işə qəbulu ilə bağlı səhiyyə nazirinə məktub göndərdi. Qurbanxan Müslümov 1993-1995-ci illərdə həmin mərkəzdə cərrahlıq ixtisası üzrə kliniki ordinatura keçdi. Sonra mərkəzin mədə-bağırsaq cərrahlığı şöbəsində kiçik elmi işçi vəzifəsində çalışdı.
Otuz bir yaşında “Öd yollarının çapıq strikturalarının cərrahi müalicəsi” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsini aldı. 
Elmi işi ilə bağlı bir müddət Almaniyanın Haydelberq Universitetinin Mannheim Cərrahlıq klinikasında çalışıb. Klinikanın rəhbəri, dünyaşöhrətli tibb alimi, professor Stefan Postun apardığı çətin cərrahi əməliyyatlarda iştirak edib. Sərbəst şəkildə ilk əməliyyatı da orada aparıb. Mədəaltı vəzini cərrahi yolla götürməklə cərrahiyyədə ilk addımını atıb. Burada doktorantura keçib, cərrahlığın sirlərini öyrənib. Klinikada 5 il ümumi visseral və laporoskopik cərrah işləyib. Burada pankreas cərrahlığı, qara ciyər, öd yolları cərrahlığı, minimal invaziv cərrahiyyə, onkoloji cərrahiyyə, kolorektal və torakal cərrahiyyə üzrə ixtisaslaşıb və visseral cərrah kimi yetişib. 
2010-cu ildə “Mədəaltı vəzinin xərçənginin cərrahi müalicəsi zamanı bəzi gen faktorlarının müalicənin nəticəsinə təsiri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru adına layiq görülüb. 
Almaniyadan Azərbaycana qayıtdıqdan sonra burada müasir pankreas və biliar cərrahiyyənin təşəkkül tapmasında əvəzsiz xidmətlər göstərmişdir. İlk dəfə böyük seriya Traverso əməliyyatları, drenajlanma olmadan rekonstruktiv biliar əməliyyatlar, yoğun və düz bağırsaq patologiyaları zamanı mürəkkəb laparoskopik əməliyyatlar aparmaqla yanaşı müasir irəli laparoskopik cərrahiyyənin əsasını qoymuşdur. Respublikmızda ilk torako-laparoskopik ezofaqektomiya, ilk total laporoskopik Vipple əməliyyatı, laparoskopik total qastrektomiya, laparoskopik total MRE ilə düz bağırsaq əməliyyatları, düz bağırsağın anal kanala yaxın törəmələri zamanı laparoskopik çox aşağı intrasfinkter rezeksiyalar, laparoskopik pankreatektomiyalar professor Qurbanxan Müslümov tərəfindən icra edilib. Ölkəmizdə və onun hüdudlarından kənarda minimal-invaziv cərrahiyyə, qida borusu cərrahlığı, hepato-pankreato-biliar cərrahiyyə, kolorektal cərrahiyyə sahələrində böyük təcrübəsi olan, sayılan , nüfuzlu cərrah kimi tanınır.
Görkəmli alim Q. Müslümov Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahlıq kafedrasının professoru, Səhiyyə Nazirliyinin elmi-tibbi şurasının sədr müavinidir. 
O, 2013-cü ildə Avropada məşhur Davos Cərrahiyyə kurslarının treyneri seçilən yeganə qeyri-avropalı alimdir. 2008-ci ildən başlayaraq sədri olduğu Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin nəzdində ilk Tibbi Treyninq Kursları və Cərrahi Simulyasiya Mərkəzi yaradaraq azərbaycanlı həkimlərə və tələbələrə açıq və laparoskopik cərrahiyyənin incəliklərini öyrədir. 
Avropada və yaxın xarici ölkələrdə tanınan azərbaycanlı alim Dagıstanda, Özbəkistanda və Qazaxstanda mürəkkəb əməliyyatlar icra etməyə, mühazirə deməyə və həkimlər üçün ustad dərsləri təşkil etməyə dəvət olunur. Bu sahədə səmərəli fəaliyyətinə görə Özbəkistan Həkimləri Təkmilləşdirmə İnstitutunun və Buxara Dövlət Tibb Universitetinin fəxri professoru seçilmişdir. 
Qurbanxan həkim deyir ki, həyatında görkəmli tibb alimlərinin, tanınmış şəxsiyyətlərin rolu çoxdur. O, uzun illər Azərbaycanda cərrahiyyə məktəbinin yaradıcılarından biri olan akademik Böyükkişi Ağayevin rəhbərliyi altında işləyib. M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin 21 il elmi katibi olub. Hazırda həmin mərkəzin yoğun və düz bağırsaq xəstəlikləri cərrahiyəsi şöbəsinin rəhbəridir. 
Ölkəmizdə səhiyyə çox sürətlə inkişaf edir,-deyə professor Qurbanxan Müslümov söhbətə başlayır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsinə, peşəkar, təcrübəli tibbi kadrların hazırlanmasına böyük önəm verir. Göstərilən dövlət qayğısının nəticəsində səhiyyə sistemində də Azərbaycan standartları həyata vəsiqə qazanıb. Bəzi xarici ölkələr bizim səhiyyənin yeniliklərindən, uğurlarından, nailiyyətlərindən bəhrələnirlər. Xaricdə təhsil almış həkim kimi deyə bilərəm ki, onlar bizdən çox şey öyrənirlər. Görkəmli alman professoru Stefan Post mənimlə Tusinin, Füzulinin tibb haqqında fikirləri barədə çoxlu söhbətlər edib. 
Görkəmli tibb alimi 90-a yaxın elmi məqalə və tezisin, bir dərsliyin, üç metodik vəsaitin müəllifidir. Akademik Azad Mirzəcanzadə və tanınmış alim Xanbaba Hüseynovla birlikdə yazdığı “Həkimlik və təbabət haqqında etüdlər” kitabı həmkarlarının stolüstü kitabına çevrilib.
Professor Qurbanxan Müslümov çətin cərrahi əməliyyatları uğurla aparmaqla yüzlərlə xəstəni həyata qaytarır. O, həm də Azərbaycan tibb elminin nailiyyətlərini, uğurlarını xarici dövlətlərdə fəal şəkildə tətbiq və təbliğ etməklə vətəndaşlıq borcunu şərəflə yerinə yetirir