Sosial Mediada izləyin:

İSVEÇRƏNIN DAVOS ŞƏHƏRINDƏ KEÇIRILƏCƏK CƏRRAHIYYƏ KURSLARINA QEYDIYYAT BAŞLANDI.

Keçən əsrin əvvələrindən başlayaraq İsveçrənin Davos şəhərində təşkil edilən cərrahiyyə üzrə treninq kursları Avropanın və dünyanın ən reytinqli məşğələlərindən hesab edilir. Həmin kursların fakültə üzvləri adətən Almaniya, Avstriya və İsveçrə kimi Avropa ölkələrinin universitet klinikalarının professorları olur. Treyninqlər ənənəvi olaraq  sadə, orta və ixtisaslaşmış qruplarda 3 səviyyədə açıq və laparoskopik cərrahiyyədə məşhur Davos texnikalarının tədrisi üzrə keçirilir. Hər bir iştirakçı treyninqlərin gedişində müxtəlif növ anastomoz texnikaları, laparoskopik xolesistektomiya, fundoplikasiya, düz bağırsağın ön rezeksiyası, yoğun bağırsaq rezeksiyaları, biliar və pankreatik anastomoz texnikaları və s. kimi Avropanın əksər klinikalarında standart hesab edilən cərrahi texnikalara yiyələnir. Xatırladaq ki, Davos Kursları Avropada bu sahədə mövcud olan ən reytinqli treyninq kurslarıdır (50 CME kredit) və iştirakçıların əldə etdiyi sertifikatlar dünyanın bütün ölkələrində təhsil sertifikatı kimi qəbul edilir. 

Həmyerlimiz, Almaniyada ümumi, visseral və laparoskopik cərrahiyyə üzrə təhsil almış Qurbanxan Müslümov da üç ildir ki, həmin kursların treynerləri sırasına daxil olub.Professor Qurbanxan Müslümov bu il aprelin 1-dən 6-dək keçirilən 34-cü Davos Gastrointestinal Cərrahiyyə kurslarında treyner kimi iştirak edib. O, gənc avropalı həmkarlarına laparoskopik və ümumi cərrahiyyədə tətbiq olunan ən müasir yeniliklərin çatdırılması və müasir cərrahiyyədə məşhur olan Davos texnikalarının öyrədilməsində treynerlik edib.Onu da xatırlatmağa dəyər ki, Azərbaycandan olan professor bu mötəbər kursların yeganə qeyri-avropalı fakültə üzvüdür.

Növbəti  kurslar 7-12 Aprel 2018 tarixlərində ümumi və laparoskopik cərrahiyyə üzrə 3 səviyyədə keçiriləcək və iştirakçılara 50 beynəlxalq CME krediti olan sertifikat veriləcəkdir. İştirak etmək istəyənlər bizə müraciəet edə və ya birbaşa qeydiyyatdan keçə bilərlər.