Mürəkkəb və nadir cərrahi əməliyyat nəticəsində xəstənin həyatı xilas edilib

Bakı, 24 may, AZƏRTAC

Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə qarın nahiyəsində şiddətli ağrı şikayəti ilə 44 yaşlı xəstə müraciət edib. Müayinə zamanı onun mədəaltı vəzisində 70 faizdən çox hissəsini əhatə edən böyük ölçülü törəmə aşkar edilib. Xəstənin həyatını xilas etməyin yeganə mümkün yolu cərrahi üsul olduğu üçün o, əməliyyat masasına çıxarılıb. Ölkəmizdə çox nadir hallarda icra edilən bu cərrahi əməliyyatı Elmi Cərrahiyyə Mərkəzinin professoru Qurbanxan Müslümov aparıb.

Professorun AZƏRTAC-ın müxbirinə verdiyi məlumata görə, laparoskopik Vippl adlanan həmin əməliyyatın məğzi mədəaltı vəzi, onikibarmaq bağırsaq, mədənin və nazik bağırsağın bir hissəsi, öd kisəsi, öd yolunun bir qismi olmaqla 6 orqanın çıxarılması ilə müşayiət olunan çox mürəkkəb cərrahi müdaxilədir. “Əməliyyatın 7 saata yaxın davan etməsinə baxmayaraq, bir gün sonra xəstə fəal həyata qayıdaraq qidalanmağa başlayıb. Yaxın günlərdə onun evə buraxılması gözlənilir”, – deyə Qurbanxan Müslümov bildirib.