2018-ci ildən başlayaraq M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi , Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Almaz Akademie Tibbi Treyninq Mərkəzi tərəfindən cərrahiyyə yönümlü (ümumi cərrahiyyə ,neyrocərrahiyyə , ürək-damar cərrahiyyəsi, ginekologiya, urologiya və s. ) ixtisaslar üzrə təhsil alan rezidentlər üçün rezidentura təhsili proqramına uyğun olaraq cərrahiyyənin müxtəlif problemlərinə həsr olumuş silsilə məruzə- seminarlar və treyninqlər təşkil ediləcəkdir. Bu məruzələrin əsas məqsədi dünyanın qabaqcıl ölkələrində ixtisas təhsili verən mərkəzlər tərəfindən qəbul olunmuş təhsil formatında mühazirələrin və treyninqlərin keçirilməsidir. Bu mühazirələrin fərqi ondadır ki, onlar tibbi- treyninq mərkəzləri ilə birgə təşkil edildiyindən bu mühazirələr təkcə nəzəri deyil, həm də praktiki xarakter daşıyır. Yəni mövzu haqqında nəzəri məlumatlarla yanaşı, video təqdimatlar, mövzuya aid cərrahi texnikalar, ləvazimatlar və s. mühazirə zalında əyani nümayiş etdirilir. Eləcə də iştirakçılar interaktiv olaraq onları maraqlandıran suallara cavab almaq və disskusiyalarda iştirak etmək imkanı əldə edəcəklər. .
Bildiyimiz kimi müasir cərrahiyyəni yüksək texnologiyaların tətbiqi olmadan təsəvvür etmək çətindir. Bu gün cərrahiyyə industriyanın inkişafına və yeni texnologiyaların tibbdə tətbiqinə bağlı olması həkimlərdən daha yeni biliklər və yeni vərdişlər tələb edir. Belə biliklərin və vərdişlərin olmaması həkimlərin və onların müalicə edəcəyi xəstələrin müasir texnologi inkişafın verdiyi genış imkanlardan yararlanmasına mane olur. İştirakçıları cərrahiyyənin müasir nailiyyətləri barədə mümkün qədər məlumatlandirmaq, cərrahiyyədə tətbiq edilən texnoloji avadanlıqların və ləvazimatların istifadə qaydalarını aşılamaq istiqamətində qurulmuş və gənc həkimlər üçün nəzərdə tutulmuş bu mühazirələr Azərbaycanda cərrahiyyə üzrə ixtisas təhsilinin inkişafına yönəlmiş tədbirlərdən hesab etmək olar.
Nəzərinizə çatdırırıq ki, mühazirələrdə iştirak sərbəstdir. Maraqlananlar mühazirələrin mövzusu ilə aşağıdakı link vasitəsilə tanış ola bilər və online qeydiyyatdan kecə bilərlər.